Pərviz Altay: Hesab edirik ki, Qərbi Azərbaycan məsələsi təkcə bizim deyil, xarici ölkələrdəki bütün Azərbaycan diaspor təşkilatlarının bir nömrəli məsələsi olmalıdır
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi bir il öncə qardaş Türkiyədə, İzmirdə daha bir Azərbaycan diaspor təşkilatı yaranıb. Söhbət 2024-ci il aprelin 15-də 60 təsisçi ilə yaradılan İzmir Azərbaycan Dərnəyindən (İZAZDER) gedir. Onu da qeyd edək ki, dərnəyin sədri Pərviz Altay və sədr müavini Cavid Əliyev bir müddət öncə Bakıda olub, səfər çərçivəsində görüşlər keçirilib, bir sıra media qurumlarına, o cümlədən BAYRAQDAR MEDİA-ya müsahibə verilib.
Beləliklə, bir neçə gün sonra yaranmasının 1 ili tamam olacaq İZAZDER-in sədri Pərviz Altayın BAYRAQDAR MEDİA-ya özəl müsahibəsini təqdim edirik.
“Türkiyə-Azərbaycan qardaşlığının, əməkdaşlığının daha da dərinləşməsinə xidmət etmək üçün çalışırıq”
Qeyd edək ki, Pərviz Altay müsahibəyə “İZAZDER 2024-cü ilin aprelində İzmir şəhərində yaşayan həm Azərbaycanəsilli insanları, həm də Azərbaycanın dostu olan, Azərbaycana dəstək ifadə edən digər şəxsləri eyni çətir altında birləşdirmək və iki ölkə arasındakı mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə qurulub” sözləri ilə başladı.
Təşkilatın fəaliyyət prinsiplərinə gəlincə, P.Altay dedi ki, qarşıya bir neçə mühüm hədəf qoyulub: “Əgər müstəqil təşkilat kimi fəaliyyət göstərə bilməliyiksə ilk olaraq qurumumuzun müstəqil maliyyə imkanlarının formalaşdırmalıyıq. Yəni, bununla onu qeyd etmək istəyirəm ki, istənilən bir təşkilat əgər maliyyə baxımından sərbəst, müstəqil deyilsə, onun müstəqil fəaliyyət göstərməsi sual altında olur. İkinci hədəfimiz Türkiyə-Azərbaycan qardaşlığının, əməkdaşlığının daha da dərinləşməsinə xidmət etmək, bu sahədə üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gəlmək üçün bütün gücümüzlə çalışmaqdır. Təbii ki, bunun üçün də elmi, ədəbi-mədəni, eyni zamanda ticarət əlaqələrinin güclənməsi mühüm önəm kəsb edir. Bir sözlə, bizim təşkilatın fəaliyyətində bütün bu sahələr əhatə olunur”.
İZAZDER fəaliyyətə başladıqdan sonra 9 ay ərzində 16 tədbir keçirilib
Müsahibəsində İZAZDER-in bu günə qədər çoxsaylı tədbirlər təşkil etdiyini vurğulayan Pərviz Altay, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına uyğun layihələr həyata keçirdikləri üçün qürur duyduğunu qeyd etdi: “Biz 2024-cü ilin sonunda fəaliyyətimizə dair hesabat hazırladıq. Bəlli oldu ki, İZAZDER fəaliyyətə başladıqdan sonra 9 ay ərzində 16 tədbir keçirilib. Özü də bu tədbirlərin hər biri mühüm önəm kəsb edən məsələrə həsr edilib. Bu isə təşkilatın, onun rəhbərliyinin və qurucularının məsələyə necə məhsuldar və həvəslə yanaşdıqlarının göstəricisidir”.
Bu, Azərbaycan diaspor təşkilatları arasında bir ilkdir
P.Altay bildirdi ki, İZAZDER-i digərlərindən fərqləndirən bir çox vacib məqam var: “Məsələn, təşkilatımızın nəzdində iki komitə fəaliyyət göstərir. Bunlardan biri Orkun Kılıçın rəhbərlik etdiyi Qərbi Azərbaycan komitəsi, Digəri isə Tamer Öztürkün rəhbərlik etdiyi Türkiyə-Azərbaycan iş imkanlarının inkişafı komitəsidir. Qeyd edim ki, hər iki komitənin yaradılması Türkiyədə və dünyanın digər ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında bir ilkdir. Yəni bizə qədər heç bir diaspor təşkilatında belə komitələr yaradılmayıb”.
Müsahibimiz dedi ki, bu komitələri sadəcə yaratmaqla işlərini bitmiş hesab etməyiblər: “Məlumat üçün bildirim ki, Qərbi Azərbaycan İcmasının Türkiyə təmsilçiliyinin ofisi İzmirdə yerləşir və bu ilin yanvarında bu təmsilçiliklə İZAZDER arasında əməkdaşlıq protokolu imzalandı. Həmin protokol əsasında isə Qərbi Azərbaycan haqqında həqiqətlərin Türkiyə ictimaiyyətinə çatdırılması üçün birgə addımlar atılır”.
Hər bir azərbaycanlı Qərbi Azərbaycan məsələsinə öz dəstəyini göstərməlidir
Söhbətə davam edən dərnək rəhbəri “Xüsusilə bir məqamı qeyd etmək istəyirəm. Dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Qərbi Azərbaycan məsələsinə, cənab Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasətə öz dəstəyini göstərməlidir. Biz də İzmirdə yaşayan azərbaycanlılar olaraq bu çağırışa səs verdik. Hesab edirik ki, Qərbi Azərbaycan məsələsi təkcə bizim deyil, xarici ölkələrdəki bütün Azərbaycan diaspor təşkilatlarının bir nömrəli məsələsi olmalıdır” dedi.
Qeyd etdi ki, məhz buna görə də, yuxarıda bəs edilən müqavilə imzalanıb: “Biz təkcə müqaviləni imzalamaqla işimizi bitmiş hesab etmirik. Qərbi Azərbaycan İcmasının Türkiyə təmsilçiliyi ilə birlikdə addımlar atırıq və gələcəyə yönəlik də bir sıra planlarımız var”.
İzmir iş adamlarından bir qrupunun Azərbaycana səfəri təşkil ediləcək
Digər komitəyə gəlincə, P.Altay dedi ki, 2025-ci ilin fevralında İzmirdə “Azərbaycan könüllüləri iş dünyası ilə görüşür” mövzusunda toplantı keçirilib: “İzmir Azərbaycan Dərnəyi tərəfindən, Türkiyə ilə Azərbaycan arasındakı ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi məqsədilə təşkil olunan tədbirdə çox sayda iş adamı iştirak edib, yeni əməkdaşlıq imkanları dəyərləndirilib. Qeyd edim ki, tədbir iki qardaş ölkə arasında münasibətlərin ticarət sahəsində daha da dərinləşməsinə xidmət edirdi. Çünki iki ölkə arasında ticarətin sürətləndirilməsi regional iqtisadi artım üçün böyük fürsətlər yaradır, qarşılıqlı ticarətin sürətlənməsi isə bu imkanları daha da artıracaq. Hesab edirik ki, bu istiqamətdə atılan addımlara diaspor təşkilatı olaraq biz də öz dəstəyimizi göstərməliyik. Bu komitənin təşəbbüsü ilə aprel, may və iyunda tədbirlə keçirəcəyik. Sonra isə İzmir iş adamlarından bir qrupunun Azərbaycana səfərini təşkil edəcəyik. Səfər zamanı dövlət və özəl qurumlarla görüşlər keçiriləcək. Bütün bunların da məqsədi Türkiyə-Azərbaycan iqtisadi əlaqələrini daha da dərinləşməsinə dəstək olmaqdır”.
İZAZDER-in təkcə İzmirdəki QHT-lərlə deyil, Azərbaycandakı QHT-lərlə də sıx əlaqələri var
İzmirdə fəaliyyət göstərən digər diaspor təşkilatları ilə əməkdaşlığa gəlincə, İZAZDER bu sahədə də mühüm addımlar atır: “İzmirdəki tatar dərnəyi, Türk Ocağının İzmir şöbəsi, həmçinin digər türk xalqlarının diaspor təşkilatları ilə əlaqələr qurmuşuq”.
Pərviz Altay əlavə etdi ki, rəhbərlik etdiyi qurumun təkcə İzmirdəki QHT-lərlə deyil, eyni zamanda Azərbaycandakı QHT-lərlə də sıx əlaqələri var: “Məsələn Sevinc Orucovanın rəhbərlik etdiyi “Zəfər” Şəhid Analarına Dəstək İctimai Birliyi ilə əməkdaşlığımız uğurla davam edir. Ötən il olduğu kimi bu il də birlikdə erməni yalanlarına qarşı konfrans keçirdik. Bu il aprelin 9-da keçirilən konfransın tərəfdaşları sırasında Bakı Dövlət Universitei və İzmir 9 Eylul Universiteti də vardı”.
Söhbətə davam edən müsahibimiz, həmçinin “Təbii ki, digər Azərbaycan QHT-ləri ilə də əməkdaşlıq planlarımız var. Məsələn “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi ilə də əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb. Yəqin ki, tezliklə əməkdaşlıq müqaviləsi də imzalayacayıq” dedi.
Qeyd edildi ki, İZAZDER-in Azərbaycan Respublikası Diasporla üzrə Dövlət Komitəsi başda olmaqla bir sıra dövlət qurumları ilə sıx təmasları var: “Bakıya bu səfərimiz zamanı, həmçinin Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa ilə görüşdük. Komitədə keçirilən görüşdə Fazil bəy diaspor qurumlarının, ümumən ictimai birliklərin yeni çağırışlara, günün tələblərinə uyğun görməli olduğu işlər barədə öz fikirlərini bölüşdü. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olundu”.
İZAZDER qardaş və dost dərnəklər layihəsini də uğurla reallaşdırır
Müsahibimiz maraqlı bir məqama da toxundu. Qeyd etdi ki, İZAZDER qardaş və dost dərnəklər layihəsni də uğurla reallaşdırır: “Söhbət Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında əməkdaşlığın dərinləşməsindən gedir. Bu sırada Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi və Eskişehir Azərbaycanlılar Dərnəyi ilə İZAZDER arasında dost təmaslarını, birgə addımları xüsusi olaraq vurğulamaq istəyirəm”.
P.Altay əlavə etdi ki, birgə addımlar, ortaq tədbirlər və gələcək planların birgə hazırlanması bu fəaliyyətə daxildir: “Yeri gəlmişkən, yuxarıda bəhs etdiyim aprel konfransının həm də Eskişehirdə keçirilməsi təklifimiz EsAzDer tərəfindən məmuniyyətlə qarşıandı”.
Kaynak: www.bayraqdar.info